Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
28.02.2023 / Könüllü fəaliyyət xəbərləri

Dövlət Komitəsinin könüllüləri Türkiyədə zəlzələdən zərər görən ərazilərdə fəaliyyətlərini davam etdirirlər

Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək verir. Türk xalqına yardım məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin könüllüləri də daxil olmaqla Azərbaycan gəncləri könüllü kimi zəlzələ bölgəsində fəaliyyətlərini davam etdirirlər.

Artıq üçüncü həftədir ki, fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər on minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman, gigiyenik vasitələr, müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, digər dəstəkverici xidmətlər göstərirlər. Həmçinin könüllü gənclərimiz çörəkbişirmə və paylama məntəqəsində fəaliyyətə başlayıb, habelə ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri ötən həftə də bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət edirlər. Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırıb, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də  müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulub ki, bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılıb.