Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
04.04.2024 / Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri, tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin (Agentlik)  rəhbərliyi iştirak ediblər.

Müşavirəni giriş sözü ilə DQİDK-nın sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı açaraq, Ramazan ayında keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib. Ramazan ayı müvafiq tədbirlərin keçirilməsi üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.

Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə Ramazan ayı müddətində vahid Ramazan təqviminə riayət olunmasının xüsusi nəzarətdə saxlanıldığını vurğulayıb. Bildirib ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, Dövlət Komitəsi tərəfindən 2023-cü ilin dekabr ayında İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibəyə sənəd qəbulu ilə bağlı məlumat verərək, 5 vakant vəzifənin tutulması üçün 58-i qadın olmaqla 185 nəfərin müraciət etdiyini vurğulayıb. Şöbə müdiri 2024-cü il 4-6 mart tarixlərində keçirilmiş din xadimlərinin attestasiyasının nəticələrindən danışıb. Qeyd edib ki, attestasiya olunması üçün 61 din xadiminin sənədləri qəbul edilib. Attestasiya Komissiyası tərəfindən onlardan 32 din xadiminin bilik və bacarığının tutduğu vəzifəyə uyğun, 14-nün uyğun olmadığı, 13 din xadiminin isə bir ildən sonra yenidən attestasiya olunması şərti ilə fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) Ramazan ayındakı fəaliyyəti və cari ildə görəcəyi işlər barədə məlumat verən Fondun icraçı direktoru Mehman İsmayılov illik fəaliyyət planında Ramazan ayında icra olunan layihələrə xüsusi yer verildiyini bildirib. Qeyd edib ki, Ramazan ayı münasibətilə Mingəçevir və Sumqayıt şəhərlərində  şəhid ailələri, müharibə veteranları, din xadimləri və dini icma üzvləri üçün iftar süfrələri təşkil edilib, Ramazan ayının sonuna qədər Bakı, Gəncə və Naxçıvanda da iftar süfrələrinin təşkili nəzərdə tutulub.

M.İsmayılov Ramazan ayı ərzində sosial şəbəkələrdə Fondun sifarişi ilə hazırlanan videoçarxın nümayiş edildiyini, Fondun ilahiyyatçı əməkdaşlarının televiziya kanallarında efirə gedən, Ramazan ayına həsr olunan proqramlarda iştirak etdiyini nəzərə çatdırıb.

Həmçinin müşavirədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Dövlət Komitəsinin sədr müavinlərinə medallar təqdim edilib.