Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Ziyarətgah-məscid kompleksləri
16.04.2020 / Ziyarətgah-məscid kompleksləri

"Əli ayağı" məscid-ziyarətgah kompleksi

"Əli ayağı" məscid-ziyarətgah kompleksi (Ünvan: Baki şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi)

 

"Əli ayağı" məscid-ziyarətgah kompleksi Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşir. Rəvayətə görə, ziyarətgahın əsası burada qaya üstündə dördüncü Raşidi xəlifəsi Əli ibn Əbu Talibin (ə) ayaq izi qaldığına inanan insanlar tərəfindən XII əsrin sonlarında qoyulmuşdur.

1861-ci ildə on nəfər kənd ağsaqqalının şahidliyinə əsasən Çar canişini tərəfindən ziyarətgah “Əli ayağı” adı ilə rəsmi qeydiyyata alınmışdır. Sovet dövründə bir neçə dəfə ziyarətgahı sökmək cəhdi olmuş və hər dəfə bunun qarşısı kənd camaatının fədakar müqaviməti nəticəsində alınmışdır.

1987-ci ildə yerli camaatın təşəbbüsü ilə qədəmgahda bərpa və yenidənqurma işlərini aparmaq üçün buzovnalı Məşədi Arif Əhməd oğlu bu müqəddəs ziyarətgahın şeyxi təyin olunmuşdur. Məhz şeyxin və xalqımızın xeyirxah övladlarının köməyi sayəsində burada məscid, zəvvarlar üçün yataq otaqları, hər cür məişət avadanlıqları ilə təmin olunmuş mətbəx, dərs otaqları, zəngin kitabxana, sallaqxana, qaraj, qadınlar və kişilər üçün dəstəmazxana və başqa lazımi xidmət otaqları istifadəyə verilmişdir. Hazırda burada Həzrət Əlinin (ə) qaya üzərində ayaq izinin qorunub saxlanıldığı qədəmgah və möhtəşəm məsciddən ibarət kompleks var.

İz – fəlsəfi anlayışdır. Belə qəbul olunur ki, iz nə vaxtsa burada olmuş, indi isə burada olmayan nəyinsə və ya kiminsə işarəsidir. Yəni həm mövcuddur, həm qaib. Rəvayətə görə, bir mömin yuxuda dəniz sahilində qayalıqların üstündə Həzrət Əlinin (ə) onunla danışdığını görür. Sabahı gün yuxusunu kənddə özünə məhrəm bildiyi adamlara danışır. Yuxu yadda qalırsa, dilə gətirilib hekayətə çevrilirsə, deməli, öz açmasını istəyir. Bu məqsədlə kənd adamları yığışıb dəniz kənarındakı aslan qayalıqlara gedir və orada qaya üzərində ləpir tapırlar. Qaya üzərində əslində ləpir qalmaz. İnsanlar yuxudan gələn bu möcüzəni çox sevdikləri Həzrət Əlinin (ə) adına bağlayır və o gündən buranı məscid-ziyarətgaha çevirirlər.