Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Sinaqoqlar
16.04.2018 / Sinaqoqlar

“Avropa və Gürcüstan yəhudiləri”nin sinaqoqu

“Avropa və Gürcüstan yəhudiləri”nin sinaqoqu (Ünvan: Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 171)

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 171 ünvanında yerləşən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılmışdır. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində inşa edilmişdir. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.

Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. İkinci Dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.

Hazırda üçmərtəbəli, ağ daşdan tikilmiş yeni sinaqoqda isə dindarlar üçün komfortlu şərait yaradılmışdır. Sinaqoqun inşasında müxtəlif dinlərdən və təbəqələrdən olan insanlar iştirak etmişdir. Layihədə xüsusi əməyi keçən hər şəxsin və təşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunmuşdur. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak etmişdir. Bu isə, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan sarsılmaz tolerantlığın parlaq təzahürüdür.