Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
21.05.2022 / Alban abidələri

ÜRƏKVƏNG MONASTIRI (XIII əsr), Talış kəndi

Tərtər rayonunun Talış kəndi XVIII-XIX əsrlərdə Gülüstan məlikliyinin mərkəzi olmuşdur. Ürəkvəng monastırı Talış kəndinin şimalında dağların qoynunda meşəlik ərazidə yerləşən XIII əsrə aid alban xristian monastır kompleksidir.

Bu kompleks tarixi ədəbiyyatlarda Urek, Urekan, Qloxavank adları ilə qeyd olunmuşdur. Kilsənin giriş qapısı üzərindəki yarımtağ şəkilli portalın timpanında yerləşdirilmiş kitabədə kilsə binasının inşa tarixi 1279-cu il olaraq göstərilirdi (Мамедова, 2004 s.41). Narteksin portalının timpanındakı digər kitabədən bəlli olur ki, 1284-cü ildə narteks binası inşa edilmişdir. Kitabədə Hülakü xanının oglu, II  Elxan Abaqa xanın adı çəkilir və narteksin Abaqa xanın hökmranlığı dövründə inşa olunduğu qeyd edilir.

Monastır kompleksindəki kitabədə inşa tarixi XIII əsrə aid olsa da, mənbələr bu kilsənin daha qədim tarixə malik olduğunu göstərir. Kilsə V əsrdə tikilmiş daha qədim tikilinin əsasında bərpa edilib. Kilsənin divarlarında müxtəlif dövrlərə aid xaç daşları vardır. Ürəkvəng monastırının adı VII əsrə aid alban salnaməçisi Kalankatuklunun “Albaniya tarixi” əsərində çəkilir. Alban müəllifi Qafqaz Albaniyasının ilk xristian kilsəsinin əsasını qoymuş Müqəddəs Yeliseyin nəşinin qalıqlarının burada dəfn edilməsi haqqında xəbər verir. Kalankatuklunun əsərindən məlum olur ki, Urekan adlı yerin Stepannos adlı keşişi Müqəddəs Yeliseyin sümüklərinin arasından kəlləni oğurlayıb Urekana (Ürəkvəng) gətirmişdir. Daha sonra camaat müqəddəs Yeliseyin sümüklərini də götürüb, keşişin kəlləni apardığı yerə, yəni Urekan kəndinə apardılar və oradaca qoydular (Kalankatuklu, 1861, I k., 7 f.). XIX əsr müəllifi bu məlumatın əsasında yazır ki, Apostol Yeliseyin kəlləsi Ürəkvəng monastırına gətirilib və III Vaçaqanın dövründə burada dəfn edilib. Mənbə Müqəddəs Yeliseyin kəllə sümüyünün Ürəkvəng kilsəsinin altar hissəsində dəfn olunduğunu yazır. Apostolun sümükləri isə III Vaçaqan tərəfindən Müqəddəs Yeliseyin şərəfinə ucalıdımış monastırda dəfn olunmuşdur. Qala divarları ilə əhatə edilmiş kompleks kilsə, zəng qülləsi, narteks, geniş monastır məzarlığı və çoxsaylı yarımdağılmış vəziyyətdə tikililərdən ibarət olmuşdur.. Ərazidəki digər məbədlər kimi Ürəkvəng monastırı da zaman zaman talanlara məruz qalmış, lakin hər dəfə bərpa edilmiş və yenidən qurulmuşdur.

Ürəkvəng monastırı alban memarlıq ənənəsinə xas birnefli bazilika formasında inşa olunsa da zaman keçdikcə onun ölçüləri kiçilmişdir. Qeyd etmək lazımdır ki, Qafqaz Albaniyasının dönüş nöqtəsi rolunu oynamış ərəb istilalarından öncəki birnefli bazilikalarla müqayisədə tağlı zal kilsələrin ölçüləri kiçilmişdi. Bunun səbəbi Qafqaz Albaniyasında dövlətçiliyin və xristian dininin dövlət dini stusunun itirilməsi, ibadətçilərin sayının kəskin azalması və alban əhalisinin tədricən deetnizasiyası prosesləri idi. Bütün bunlar Qafqaz Albaniyasının dini memarlığına da təsir göstərmişdi. Ərəb xilafətinin bölgədə hakimiyyəti dövründə keçmiş Qafqaz Albaniyası ərazisində xristian dini memarlığı daha çox konkret dağlıq ərazilərdə cəmlənmişdir. Əksər Alban abidələri daha sadə, diqqət çəkməyən və kiçik ölçülərdə inşa edilirdi. Bu baxımdan Ürəkvəng kilsəsi və nartekslər sadə, ciddi memarlıq həllinə malikdir. Kilsə binasının uzunluğu 7.60 m, eni 4.35 m, narteksin uzunluğu 7.75 m, eni 7 m-dir. Monastırının kafedral kilsəsi düzbucaq planlı apsidaya malik kilsə nümunələrindəndir. Verilən məlumata görə, buradakı kilsə binası tamamilə tutqun, dar, kiçik olub, çox qədim tikilidir.

Qafqaz Albaniyasının erkən orta əsr zal kilsələri arasında rast gəlinən düzbucaq formalı altara malik kilsələr sonradan geniş yayılaraq alban kilsə memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilmişdir. Monastırın kilsə binası birnefli zala malikdir.

XIII əsrdə köhnə kilsənin zirzəmisi və salamat qalmış memarlıq elementlərindən istifadə olunmaqla qədim kilsənin bünövrəsi üzərində yenisi inşa edilmişdir. Kilsə V əsrə aid apsida əsasında bərpa edilib. Qədim kilsənin bədii ornamentli daşları yeni kilsənin inşası zamanı tikinti materialı kimi divar hörgüsündə istifadə edilmişdir. Ürəkvəng monastırındakı pəncərə çərçivələri və divar hörgüsündə çoxsaylı qədim xaçdaşlardan istifadə edilmişdir. Əksər alban kilsələri kimi Ürəkvəng kilsəsində də müxtəlif dövrlərdə inşaat-yenidənqurma işləri aparılsa da, altar apsidası ilkin memarlıq quruluşunu saxlamışdır (Мамедова, 2004, s.41).  Kilsənin məhz bu hissəsinin toxunulmaz saxlanmasının səbəbi altarda Müqəddəs Yeliseyin qalıqlarının dəfn edilməsi ilə bağlıdır. M.Kalankatuklu altarda Qafqaz Albaniyasının ilk maarifçisi Müqəddəs Yeliseyin qalıqlarının dəfn edilməsindən bəhs edir.

Kilsə binasının birbaşa divarlar üzərində bərkidilmiş tağlar tərəfindən saxlanan tavanı ikitərəfli damla örtülüb. Düzbucaqlı ibadət zalı kifayət qədər arxaik və qeyri-adi formaya malikdir. Dərinliyində zirzəmi yerləşən kvadrat formalı apsida zaldan hündürdə yerləşir. O, təxminən zalın yarısını tutur və iki tərəfdən pilləkənlərə malikdir. 7.6x4.3 metr ölçüyə malik uzun, ensiz,  kilsə binasına bitişik narteks inşa edilmişdir. Narteksin 7x7.5 metr ölçüyə malik kvadrat formalı binası günbəzformalı örtüklə tamamlanır. Kilsə binasında rahib hücrələrinin qalıqları vardır. Narteksdən eyni zamanda monastır yepiskoplarının türbəsi kimi də istifadə edilmişdir. Buradakı məzar daşları yüksək bədii zövqlə işlənmiş müxtəlif ornamentlər və kitabələrlə bəzədilmişdir. Monastırın zəng qülləsi XVII əsrdə inşa edilmişdir. Bu kiçik, sadə tikili qərb tərəfdən narteks binasına birləşmişdir.

Kilsənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhluluna əsaslanır. Kompleksə daxil olan tikililərdə divarlar kobud işlənmiş nəhəng əhəngdaşı bloklarından ucaldılmış, yalnız girişlər və pəncərə yerləri yaxşı yonulmuş daşla çərçivələnmişdir.

Kilsənin divarlarında müxtəlif dövrlərə aid xaçdaşlar vardır. Bundan başqa XIII əsr və daha sonrakı əsrlərə aid onlarla xaçdaşlar monastırın şimal həyəti boyunca səpələnmişdir. Monastırın ətarafını gözəl ornamentli başdaşlar, xaçdaşlar bəzəyir. Bu abidələr üzərində atlılar, din xadimləri, musiqiçilər, müxtəlif məişət səhnələri ilə bağlı təsvirlər, həndəsi və nəbati naxışlar yer almışdır. Monastırın geniş məzarlığında yarımdağılmış vəziyyətdə olan sərdabə günümüzə çatmışdır.

Sərdabənin içərisində iki böyük, düz daş plitə vardır. Monastır məzarlığında zəngin ornamentli məzar daşları var. Buradakı məzar daşları iki metr və daha çox hündürlüyə, bir metrdən çox en ölçülərinə malikdirlər. Barxudaryanın yazdığına görə, burada çox sayda yepiskop, dyakon dəfn edilib. Məzarlıqda XIX əsrə aid Saruxan bəy, Məlik Bəylər, general Şamil xanın məzar daşları da var.