Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
23.04.2023 / Alban abidələri

MÜQƏDDƏS İOHANN KİLSƏSİ (XIII əsr), Tuğ kəndi

Tuğ kəndinin mərkəzində daha bir alban məbədi – Müqəddəs İohann kilsəsi yerləşir. Bu tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Müqəddəs İohann kilsəsi erkən orta əsrlər dövrünə aid bazilikadır. Tuğ kəndindəki Müqəddəs Stefan məbədi kimi, bu kilsə də daha qədim dövrə aid tikilinin təməli üzərində inşa edilmişdir. Kilsənin hazırkı binası XIII əsrdə qədim bir məbəd yeri üzərində tikilmişdir. Binanın özülünün daha qədim tarixə malik olmaqla ən geci XIII əsrdə inşa edildiyi yazılır. Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür Vaxtilə giriş qapısı üzərində Müqəddəs İohann kilsəsinin damının 1736-cı ildə Dizaq məliyi Məlik Yeqan tərəfindən bərpa etdirildyi barədə məlumat verən kitabə olmuşdur. Kilsənin divarında qeydə alınmış kitabədə deyilirdi: “1736-cı ildə. Müqəddəs İohann kilsəsinin damı vardapet Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa etdirilmişdir. Kim oxusa, heç olmasa bir dəfə desin: Allah rəhm elə”. Lakin hal-hazırda kitabə yox edilmişdir.

Müqəddəs İohann kilsəsi böyük mailliyə malik ərazidə inşa edilmişdir. Kilsənin qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır və hətta təməli də görünür. Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılmışdır. Kilsənin yeganə qapısı cənub divarında, daş qala divarları ilə əhatə olunmuş kiçik həyətə açılır. 12.9x21.7 metr ölçülərə malik zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə yaxşı yonulmuş kvadrat formalı daşlar, digər divarlarda isə yarımyonulmuş daşlardan istifadə edilmişdir.

Tağtavanın yüksəkliyi səbəbiylə damın tərəfləri sərt maililiyə malikdir. Ümumi xüsusiyyətləri və nisbətləri ilə Xocalının Çanaqçı kəndindəki kilsəni xatırladır. Həyətin cənub-şərq tərəfi dairəvi qala bürcü ilə əhatə olunmuşdur. Buradan bütün kənd ərazisinə, həmçinin ətraf bağlar və dağlara gözəl mənzərə açılır. Həyətin cənub tərəfində iki mərtəbəli bina vardır. Binanın ikinci mərtəbəsinin qapısı həyətə açılır, birinci mərtəbəsi isə yalnız həyətdən görünür.

Abidənin ərazisində müxtəlif ölçülü və üzərində zəngin ornamentlər, insan fiqurları həkk edilmiş sənduqələr yerləşir. Kilsənin sol tərəfində tikilmiş dar və uzun sövmədə məlik nəslinə məxsus şəxslər – Məlik Qukas, Məlik Yeqan, Məlik Aram, Məlik Yesaya dəfn olunub.

Tuğ kəndinin mərkəzində olan bu alban kilsəsi sovet dövründə klub kimi fəaliyyət göstərib. 30 illik işğal ərzində isə bu qədim alban abidəsi ermənilər tərəfindən qanunsuz bərpa işlərinə məruz qalmışdır. Nəticədə ilkin görünüşü dəyişdirilən kilsə erməni kilsəsi kimi istifadə olunmuşdur. Kilsənin ətrafına xeyli sayda kənardan gətirilmiş qəbir daşları düzülmüşdür. Abidənin giriş qapısı sökülərək yenilənmiş, kilsənin damı dəmir təbəqə ilə örtülmüş, divarlar üzərindəki ornamental görüntülər silinmiş, divar yazıları isə yenilənmiş, konstruksiyaya zəng qülləsi əlavə edilmişdir.