Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
23.04.2023 / Alban abidələri

GƏNCƏSƏR MONASTIRI (XIII əsr), Vəngli kəndi

Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biri olan Gəncəsər monastır kompleksi Kəlbəcər rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində ucaldılmışdır. Monastırın yerləşdiyi Vəngli kəndi, 1992-ci ildən Agrədərə rayonunun ləğv edilməsilə Kəlbəcər rayonuna birləşdirilmişdir. Uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olmuş Vəngli kəndində inşa edilmiş Gəncəsər monastırı XIII- XIX əsrlər boyu Azərbaycanda xristian albanların dini və mədəni mərkəzi olmuşdur.Gəncəsər monastır kompleksi Azərbaycanın maddi-mənəvi irsi olan Alban Apostol kilsəsinin XIII əsrdən sonrakı tarixini öyrənmək üçün çox mühüm bir qaynaqdır. Gəncəsər monastırı Xaçın knyazlığı tarixində XIII əsrdə yaşanan alban xristian mədəniyyətinin intibah dövrünün simvolu idi. Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikosluğunun başqa kilsələrə tabe olmadıgının göstəricisidir. Məbəd kompleksinin memarlıq kompozisiyasındakı diofizit xarakterli elementlər onun çoxəsrlik ənənələrinə malik Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Hətta XVII əsrin sonunda belə yerli əhali bu kilsəni alban kilsəsi adlandırırdı. XVII əsrdə monastırın damını bərpa edən alban ruhanisi orada belə bir yazı qoymuşdur: “... Aqvan Gəncəsərin müqəddəs taxtında bizim saf niyyətlə verilmiş vəsaitlərimizdən istifadə edib kilsələrin damlarını və dağılmış divarlarını tikdilər” (Məmmədov, 2015, s.41). Monastır ərazisində Vəngli kəndlilərin yunan kilsəsi adlandırdıqları qədim məbəd yeri monastırın əsas ziyarətgahı olaraq qalmaqda idi.

Yerli əhalinin Gəncəsər məbədini yunan kilsəsi adlandırması albanların diofizit kilsəsi olaraq yunan yönümlü olması ilə əlaqəlidir. Monastırdakı arxaik tikilinin yunan məbədi adlandırılması onun erkən orta əsrlərə aid qədim alban kilsəsi olduğunu göstərir. Bu tikilinin yanında qədim qəbir yeri var idi. XX əsrdə yerli əhali Gəncəsər məbədini Vəng piri adlandırmaqda idi. Gəncəsər monastırının cənub hissəsində yerləşən bu arxaik məbəd Vəng kəndinin və ətraf kəndlərin həm müsəlman, həm də alban xristian əhalisinin ziyarət yeri olmuşdur. Azərbaycanın Kürmük (Qax), Pəriqala (Zaqatala), Yelisey (Oguz), Ağoğlan (Laçın), Xudavəng (Kəlbəcər) alban məbədlərində olduğu kimi, yerli əhali bu məbədi birlikdə ziyarət edir, monastırın həyətində qədim ayinlər icra edərdilər. Monastır Azərbaycandakı bir çox alban monastırları kimi həm müsəlman, həm də xristianların ziyarət etdiyi qədim inanc yeri olmuşdur. Tarixi zaman içərisində Albaniya əhalisinin bir qismi xristian olaraq qalmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.

XX əsrə kimi yerli əhali monastırın həyətində yunan kilsəsi adlandırdıqları arxaik tikilidə şam yandırır, nəzir olaraq qoyun, xoruz və toyuq kəsər, onlardan hazırlanan yeməyi ənənəyə görə yeddi qonşuya paylayardılar. Qədim alban ənənəsinə görə burada kəsilən heyvanın ayaqları ziyarətgahda saxlanırdı. Bu ənənə Azərbaycanın Qəbələ bölgəsindəki qədim alban məbədinin qalıqlarının olduğu Komrad dağında (Dizaxlı kəndi), xristian udilərin kompakt yaşadığı Nic kəndi yaxınlığındakı Toyuq piri kimi qədim inanc yerlərində hazırda da mövcuddur. Yerli əhalinin Vəng piri adlandırdığı Gəncəsər məbədinə azərbaycanlıların maldarlıqla məşğul olan hissəsi öz mal-qarasını müxtəlif xəstəliklərdən qorumaq niyyətilə də gələrdi.

Həsən Cəlalın hakimiyyəti illərində Xaçın knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti-abadlıq işləri böyük vüsət almışdı. Mehranilər sülaləsinin davamçıları olan məşhur Xaçın alban knyazları Böyük Həsən, onun oğlu knyaz Vaxtanq, nəvəsi Cəlal Dövlə və onların xanımları Arzu xatun, Xorişə xatun, Mamaxatun knyazlığın ərazisində bir sıra möhtəşəm müdafiə qalaları ilə yanaşı, monastır, kilsə və məbədlər də inşa etdirmişdilər. Bu sülalədən olan din xadimləri XII əsrdə yüksələn Xaçın knayzlğında alban katolikosları vəzifəsini icra etmişlər. Gəncəsər monastırı ilə yanaşı Vaçar kilsəsi, Akan qalası, Xonabert qalası Xaçın sülaləsinə məxsus idi. Gəncəsər monastırı Həsən Cəlalın iqamətgahı olan Xanaberd qalası ilə üzbəüz ucaldılmışdır. Monastırdakı kitabədən məbədin Vaxtanqın oğlu, Cəlal Dövlə Həsənin hakimiyyəti dövründə ucaldıldığı məlum olur. Monastırın içərisindəki epiqrafikadan məlum olur ki, böyük Həsənin oğlu Vaxtanq əcdadlarının qəbirlərinin olduğu Gəncəsərdə kilsə tikməyi oğlu Cəlal Dövləyə və Cəlal Dövlənin anası Xörişə xatuna vəsiyyət etmişdir. Monastırın divarındakı epiqrafik yazı bu abidənin Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən inşa edildiyini xəbər verir.

Cəlal Dövlə atasının vəsiyyəti ilə kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-cı ildə qoymuşdur. Kilsənin tikintisi zamanı anası Xörişə xatun rahibəliyi qəbul edərək Yerusəlimə yola düşmüş, və orada vəfat etmişdir. Tikinti 1238-ci ildə başa çatıb. Bu kilsə Alban katolikosu Nersesin patriarxlığı dövründə 1240-ci ildə xeyir dua alıb. Mətndə yazılır ki, Cəlal Dövlə Xonabert qalasının qarşısındakı ailə məzarlığında göy üzünə bənzər günbəzi olan gözəl bəzəkli Gəncəsər adlı kilsə tikdi. 1240-cı ildə Cəlal Dövlə burada tikintinin başa çatması münasibətilə təntənəli ziyafət təşkil etmişdi. Alban Katolikosu Nerses və bir çox yepiskopların da iştirak etdiyi bu məclisdə kilsə pak edilmişdi (müqəddəs su səpilmişdir). Bununla bağlı monastır divarındakı kitabələrdən birində yazılır: “Bu kilsə 1240-cı ildə Alban Katolikosu Ter-Nersesin patriarxlığı dövründə pak edilib”. Monastır Həsən Cəlalın əcdadlarına məxsus Xaçın hakimlərinin nəsil sərdabəsinin yerində inşa edilmişdir. Keçmişdən Xaçın sülaləsinin ailə məzarlığı olmuş monastır sərdabəsində 1261-ci ildə monqollar tərəfindən oldürülmüş Həsən Cəlal və onun varisləri də dəfn edilib. Cəlal Dövlə Qəzvində monqol canişini Arqunun əmri ilə 1261-ci ildə işgəncələrlə öldürülmüşdü və cəsədi oğlu Atabəyə təslim edilmişdi. Atabəy onu Gəncəsər monastırında dəfn etdi. Lakin onun qəbir daşında tarix 1431-ci il olaraq göstərilib. Görünür bu qəbir daşı ya yenilənib, ya da qəbir daşı Cəlal Dövlənin ölümündən 170 il sonra qoyulub.

Alban katolikoslarının iqamətgahına çevrilmiş bu monastır kompleksinin ərazisində Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri də dəfn olunmuşlar. Burada Cəlal Dövlənin xanımı Mamkan xatun və oğlu Atabəy və digər Xaçın hakim ailəsinin üzvləri də dəfn olunmuşdur. Qəbirüstü abidələrin üzərindəki yazılardan məlum olur ki, XVIII-XIX əsrin əvvllərinə qədər sülalə üzvləri və din xadimləri burada dəfn edilməkdə idi: Burada 1653-cü ildə Alban katalikosu Qriqorinin, Cəlal Dövlənin nəslindən olan 1700-cü ildə dəfn edilmiş alban katalikosu Yereminin, 1728-ci il alban katalikosu Yesainin adı yazılmış qəbir daşları var.

Alban katolikosu Qriqorinin qalıqları da burda qorunurdu. 1727-ci ilə aid yazıda həmçinin Tarxanın xatirəsindən bəhs edilir. Burada Esai-Cəlal Dövlə nəslindən olan son alban katolikosu Sarkisin də (1828-ci il) qəbri var. Məbədin dörd bir tərəfində divarlara həkk olunmuş yazılar Xaçın hökmdarları və katolikosları barədə məlumat verirdi. Bu yazılardan birində, 1266-cı ildə Cəlal Dövlə və onun xanımı Mamaka xatun, oğlu Atabəyin də kilsənin inşasında əməyi olmasından bəhs edilmişdir. 1271-ci ilə aid kitabə Xaçın hökmdarı Atabəy dövrünə aiddir. 1495-ci ilə aid kitabədə isə Atabəyin oğlu Aygun haqda məlumat verilir.

Gəncəsər monastır kompleksi, xüsusilə, 1511-ci ildən alban katolikoslarının iqamətgahına çevrilmişdir. Bu dövrdən etibarən Gəncəsər katolikosluğu adlanan monastır 1511-1836-cı illər boyu alban xristianlarının baş iqamətgahı olmuşdur. Bu alban məbədi 6 əsr boyu – 1511-ci ildən 1836-cı ilədək müstəqil alban knyazlığının dini mərkəzi kimi son alban katolikoslarının iqamətgahı olmuşdur. Monastır kompleksindəki kitabələrdən məlum olur ki, 1702-ci ildə katolikos Esai Hasan alban patriarxı seçilmişdir və həyatının sonunadək 1728-ci ilədək bu vəzifədə qalmışdır. 1836-cı ildə Rusiya Sinodunun qərarı ilə Alban kilsəsi ləğv edildikdən sonra bütün alban kilsələri kimi Gəncəsər monastırı da fəaliyyətini dayandırmışdır.

Orta əsrlər boyu Gəncəsər monastır kompleksi böyük mülk torpaqlarına sahib olmuşdur. Monastırdakı kitabələrdən məlum olur ki, Xaçın sülaləsinin üzvləri zaman-zaman monastıra torpaq hədiyyə etmiş, xeyriyyə işləri görmüşlər. 1495-ci ilə aid kitabədə Atabəyin oğlu Aygunun monastıra torpaq hədiyyə etməsindən bəhs olunur. 1471-ci ildə isə Pir Hamzanın oğlu Smabt və böyük Cəlalın oğlu Rastam, daha sonra Atır Məliyin oğlu, Seytunun nəvəsi katolikos Sarkis, 1493-

cü ildə Böyük Cəlalın nəvəsi Dursun Gəncəsərə torpaq hədiyyə etmişlər. Kitabələrdə 1790-cı ildə yüzbaşı Məlik Abov və xanımı Heriknaz, oğlanları Məlik Bəylər, 1480-ci ildə Seytunun oğlanları Vəlican və qardaşlarının kilsəyə etdikləri ianələrdən də bəhs edilir. Ətraf kəndlərdə məskunlaşan kəndlilərin istifadə etdiyi torpaqlar da monastırın mülkü olmuşdur. 1825-ci ilə aid arxiv sənədlərindən məlum olur ki, bölgənin 4 ailədən ibarət Ballıqaya kəndi və 55 ailədən ibarət Vəngli kəndlərinin istifadə etdiyi torpaqlar “Gəncəsər mülkü” idi. Sənəddə qeyd olunur ki, Ballıqayanın əhalisi təmiz türklərdir (azərbaycanlılardır) (N.Məmmədov, 2015, s. 42).

XIX əsrdən Rusiya imperiyası tərəfindən Azərbaycanın Qarabağ və İrəvan xanlığı ərazilərinə köçürülmüş ermənilər bu torpaqlardakı alban məbədlərini və müqəddəs yerləri məhv edərək saxtalaşdırmaga, erməniləşdirməyə başladılar. Gəncəsər monastırı da bu tale ilə üzləşdi. Qafqazda köklü tarixləri olmayan ermənilər burada möhkəmlənmək məqsədi ilə xristianlıq amilindən istifadə edərək çoxəsrlik alban abidələrini mənimsəmək yolunu tutdular. Alban xristian mədəniyyəti nümunələrinin, arxivlərinin məhv edilməsi dağıdılması Erməni qriqoryan kilsəsi tərəfindən bütün XIX-XX əsrlər boyu davam etmişdir.

Lakin tarixi həqiqətləri gizlətmək mümkün deyildir. XX əsrin əvvəllərində şərqşünas alim İosif Orbeli Qarabağın Gəncəsər monastırında apardığı arxeoloji ekspedisiya zamanı məbəd üzərindəki 1000-dən çox kitabə mətnini araşdırmaqla XIX əsrdən bəri ilk dəfə olaraq Qarabağ monastırları və kilsələrinin ilkin təsvirlərinin əksəriyyətinin saxtalaşdırıldığını ortaya çıxarmışdı. Orbeli Gəncəsər yazılarında bu torpaqların Alban kilsəsini və Alban knyazlığını idarə edən alban xalqına məxsus olduğunu göstərən qiymətli faktlar aşkar etmişdir. Müəllif Qarabağın alban abidələrinin necə erməniləşdirilməsi faktlarını, Gəncəsər kitabələrini təhrif edən erməni kilsəsinin bütün əməllərini üzə çıxarmışdır. Lakin sovet dövründə ciddi təzyiqlərlə üzləşən alim əsərinin nəşrindən imtina etməyə məcbur olmuşdu. Orbelinin araşdırmaları Qarabağ bölgəsindəki alban irsinin necə məhv edilərək erməniləşdirildiyini sübut edir. Xoşbəxtlikdən ermənilər bu qiymətli əsərin tamamilə ortadan qaldırılmasına nail ola bilməmişdir. Hazırda bu qiymətli tədqiqat əsərinin nüsxəsi və bununla bağlı sənədlər Rusiya EA-nın Şərq Əlyazmaları fondunda saxlanılır. Erməni falsifikasiyasının ic üzünü açan bu elmi əsərin nüsxəsi Azərbaycan alimlərinin səyi nəticəsində 2011-ci ildə Sankt-Peterburqdan Bakıya gətirilmişdir (Axundov, 2018). XIX əsrdən bəri Erməni kilsəsi bütün alban monastırlarından alban kitabələrini məqsədyonlü şəkildə toplamış, onlara uygun olmayanları ələyərək sıradan cıxarmağa səy göstərmişlər.

XIX əsrdə alban kilsələrinin erməniləşdirilməsi prosesinin başlanması ilə bütün orta əsr alban tarixi sənədlər arxivi və xüsusilə də Gəncəsərdəki Alban patriarxlarının zəngin kitabxanası məhv edildi. Əlyazmalar, bütün qiymətli sənədlər Eçmiədzinə daşındı. Həsən Cəlal sülaləsindən olan son alban patriarxı Sarkisin qeydlərindən məlum olur ki, Alban kilsəsinin əsrlərlə Gəncəsər monastırında saxladığı qiymətli arxiv Eçməidzinə göndərilərkən yolda müəmmalı şəkildə yoxa çıxmışdır. Bununla da alban patriarxlarının Gəncəsər monastırındakı zəngin arxivi geriyə dönüşü olmadan məhv edildi. Son alban patriarxı Sarkis sənədlərin bir hissəsini bərpa edərək yenidən tərtib etsə də, nəticədə onların böyük bir hissəsi tamamilə məhv edilib. Bu isə onu göstərir ki, hazırda əldə olan bütün tarixi sənədlər orijinal deyil, yeni erməni mətnləri əlavə edilməklə saxtalaşdırılmış surətlərdir.

Gəncəsər monastırının kitabəsinin düzgün oxunuşu sayəsində XIII əsrin əvvəllərində Alban Apostol Kilsəsinin müstəqil, yəni avtokefal olduğu təsdiqlənmişdir. Belə ki, kitabədənin alt sırasındakı «Alban katolikosu Nertsesin patriaarxlığı dövründə» ifadəsi məbədin alban irsinə məxsusuluğunu təsdiq edir. Lakin erməni tərəfi bu kitabənin fotolarını elə rakursdan götürmüşlər ki, bütün fotolarda alt sıradakı bu kəlmələr oxunmur. Məbəddəki əsas kitabədə Albaniya mənəvi liderinin yüksək titulu – “Nersesin patriarxlığı altın altında Alban Katolikosu” ifadəsində bu açıq şəkildə özünü biruzə verir. Xristian kilsə ənənəsinə görə, patriarx ən yüksək ruhani tituludur və ölkənin müstəqil (avtokefal) kilsəsinin rəhbəridir. Ona görə də erməni alimləri Gəncəsər kitabələrindəki bu ifadəni tərcümə edərkən qəsdən “patriarxlıq” sözünü ləğv etmişlər.

Orbelinin araşdırmalarına görə, monastır kitabələrinin heç bir yerində “Ermənistan” və ya “Erməni” sözlərinə rast gəlinməmiş, əksinə, tərcümə edilən kitabələrdə Gəncəsər monastırının olduğu ərazinin və monastırın özünün də müstəqil Alban knyazlığına aid olduğunu təsdiqləyən mətnlər üzə çıxarılmışdır. Xüsusilə, kitabədəki “Albaniya ölkəsinin müqəddəs Gəncəsər taxtı”, “Bu, Alban xalqının katolikosu olan Sarkisin qəbridir”, “Həsən Cəlalın xalqı üçün Albaniyadan olan Katolikos Sarkis” kimi ifadələr monastırın Azərbaycanın xristian albanlarının mənəvi mərkəzi olduğunu, bu ərazidə Alban şahzadələri və alban din xadimləri tərəfindən idarə olunan alban xalqının yaşadığını təsdiq edir. Gəncəsər kitabələrinin tədqiqi bu alban abidəsində xeyli türkizmlərin mövcud olduğunu təsdiq edir. Qafqaz qədim dövrlərdən bəri türk xalqlarının məskunlaşdığı ərazi olduğu üçün Qafqaz Albaniyasında və Alban Avtokefal kilsəsində türk etnik komponenti hər zaman həlledici rol oynamışdır. Alban xaç təsvirlərində və bədii kompozisiyalarında Ay kultu, Günəş kultu, həyat ağacı kimi türk etiqadları, dünyagörüşlərinə məxsus elementlər öz əksini tapmışdır. Gəncəsər kitabələrindən məlum olur ki, Qarabağın alban xristian əhalisi türk dilinin daşıyıcıları idilər və kilsə həyatında xristian ənənələrinə riayət etsələr də, türk ənənələrini, folkorunu öz məişətlərində yaşadırdılar. Qarabağdakı Xaçın knyazlığı isə orta əsrlərdə Cənubi Qafqazda türk xristianlarının formalaşdığı və inkişaf etdiyi mühüm mərkəzlərdən biri olmuşdur. XII-XIII əsrlərdə yüksələn Alban-Xaçın knyazlığının ən parlaq nümayəndələrindən Həsən Cəlal Dövlənin dövründə Xaçın knyazlığı həm qıpçaqlarla, həm də monqollarla qohumluq əlaqələri yaratmışdı. Həsən Cəlalın anası Xorişa xatun (Hurişah xatun) Qıpçaq türk nəsillərindən idi. Monastır ərazisindəki xaçdaşlardan birinin aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş iki hörüklü monqol süvarisinin təsviri də bunu təsdiq edir. 1274-cü ildə Gəncəsər monastırının təmiri şərəfinə ucaldılmış bu alban xaçdaşındakı təsvirin monqol hərbi rəislərindən birinin təsviri olması şübhəsizdir. Daşın aşağı hissəsində yarımdairəvi haşiyə içərisindəki atlı və onun yanındakı kişi fiquru kompozisiyası isə Xaçın knyazı Həsən Cəlalın Monqol Xaqanlığının vassalı olduğunu əks etdirir.

Qeyd etmək lazımdır ki, Gəncəsər monastır kompleksinin divarlarındakı kitabələrdə çox sayda türkmənşəli kəlmələrə və şəxs adlarına rast gəlinməsi, Xaçın hökmdar nəslinin, eyni zamanda Xaçın nəslindən olan alban yepiskop və katolikoslarının adlarının türkmənşəli olması, türk mədəniyyətinin orta əsrlər alban irsindəki əhəmiyyətli rol oynadığını, Qarabağın qədim monastır və kilsələrinin qurucularının türkəsilli olduğunu göstərən mühüm faktorlardandur. Gəncəsər kitabələri ilə bağlı son tədqiqatlarda hətta türkdilli mətnlərin olduğu da ortaya çıxmışdır. Mütəxəssislər Gəncəsər məbədinin divarlarında “Məlikdən torunları için hatıra” yazısını, həmçinin ezgi, şamar, sakin kimi qədim türk kəlmələrini üzə çıxarmaga müvəffəq olmuşlar. Gəncəsər kitabələrindən birində Məlikdən torunlarına hatıra mətninin müəyən edlməsi, Gəncəsər kitabələrində adı keçən Xörişah (Hurişah) xatun, Həsən Cəlal, Məlik ata, Atabəy, Qoçubəy kimi onlarla türk şəxs adları və Hakan, Hatun, Atabəy kimi qədim türk titulları Xaçın hökmdarlarının türk əsilli olduğunu təsdiq etməkdədir. Bu məlumatlar Qarabağ bölgəsinin orta əsr alban irsində türk mədəniyyətinin və türk etnoslarının mühüm rol oynadığını təsdiq edir.

Qeyd etmək lazımdır ki, belə türkəsilli adlara və titullara təkcə Gəncəsər monastırında deyil, Qarabağın bütün alban məbədlərinin kitabələrində rastlanmışdır. Mama xatun, Atabəy, Arzu xatun, Qoçubəy, Tursun, Seyti, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz, Ruzuxan, Mina xatun, Nazlı xanım, Aygün, Aykut kimi alban Xaçın sülaləsinə məxsus türkmənşəli şəxs adları Qarabağın alban kilsə kitabələrinin bir çoxunda dəfələrlə qeyd olunmuşdur. XIX əsrdə Qarabağın xristian abidələri haqda məlumat verən yepiskop Barxudaryan Böyük Aran monastırı ərazisində Xaçın nəslinə aid, demək olar ki, hamısının türkmənşəli adlar olduğu daha bir neçə kitabə haqda məlumat verir.

Monastırdakı kitabələrdən Xaçın hakimi Həsən və onun xanımı Mamaxatunun nəvəsi Ərkan, digər kitabədə Həsən Cəlalın knyazlığındakı Kutlu bəydən bəhs edilir. Xaçın məlikliyinin Həsən Cəlal, Arzu xatun, Mama xatun, Atabəy, Ərkan Qoçubəy, Kutlu bəy kimi alban knyaz adları bu knyazlığın türk köklərindən xəbər verir. Alban məbədlərinin inşaat kitabələrində xatun, bəy, Məlik ata, Xaçın Atabəyi, Ulubəy kimi türk titullarının da qeyd olunması bu abidələri ucaldanların etnik mənsubiyyətinin dəqiq göstəricilərindəndir. Alban kilsələrinin orta əsr tarixinin sənəd arxivi, zəngin kitabxanaları əsrlərdən bəri Alban patriarxlığı olmuş Gəncəsər monastır kompleksində yerləşirdi. Buna görə də 1836-cı ildə Rus Sinodunun Alban kilsəsini ləğv etməsinə dair məlum qərarından sonra əsas hədəf Alban patriarxlığının Qarabağda yerləşən son iqamətgahı Gəncəsər monastırı olmuşdur. 1828-ci ilədək böyük təsərrüfatı, torpaq mülkləri olan və çiçəklənən bu monastır artıq XIX əsrin 30-cu illərinin sonunda digər alban kilsə və monastırları kimi dağılmağa üz qoymuşdu. Gəncəsər monastırındakı bu dövrdən etibarən Alban patriarxlarının kitabxanasındakı bütün əlyazmalar, qiymətli sənədlər Eçmiədzinə daşındı. Alban Xaçın hökmdarı Həsən Cəlal sülaləsindən olan son alban patriarxı Sarkis Gəncəsər monastırının arxivinin müəmmalı şəkildə yox olduğunu yazırdı. XIX əsrin sonunda Azərbaycanı qarış-qarış gəzərək bütün alban kilsələrinin təsnifatını vermiş Barxudaryan da Gəncəsər monastırından qiymətli əlyazmaların oğurlandığından bəhs edir.

Müəllif Qarabağın alban kilsələrinin, o cümlədən Gəncəsər monastırının çox qısa müddət içində xarabalığa çevrilməsinin canlı şahidi idi. XIX əsrdən Erməni Qriqoryan kilsəsinin alban xristian irsinin məhv edilməsi siyasəti, XX  əsrdə də alban kilsələrindəki epiqrafikanın təhrif edilməsi, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolların silinərək formalarının dəyişdirilməsi ilə davam etməkdə idi. Qafqaz Albaniyası irsinin təhrif edil[1]məsi siyasəti Sovet imperiyası dövründə də davam etdirilmişdir.

Qeyd etmək lazımdır ki, Gəncəsər monastırında 1919-cu illərdə aparılmış epiqrafik tədqiqatlardam məlum olur ki, monastırın divarlarındakı o zamankı kitabələr hazırkı kitabələrdən xeyli fərqlənirmiş. Gəncəsər monastırının keçən əsrə aid fotoşəkillərindən monastırın divarlarındakı kitabələrin fərqli olduğu aşkar görünməkdədir. Müasir dövrdə monastırın divarlarına yeni, saxta piltələr əlavə edilən kitabələr keçən əsrin fotoşəkillərindən kəskin şəkildə fərqlənir. Gəncəsər monastırındaki XIII əsrdə Alban hökmdarı Həsən Cəlal Dövlənin dövründə tərtib olunmuş alban kitabəsi XX əsrin sonlarına kimi qalmaqda idi. 1240-ci ildə Alban hökmdarı Həsən Cəlal Dövlənin dövründə tərtib olunmuş bu alban epiqrafikası gürcü linqvist-alim Zaza Aleksidze tərəfindən oxunmuşdur. Kitabə alban katolikoslarının xristian dünyasının ən yüksək patriarx tituluna sahib olması, kilsənin Həsən Cəlal tərəfindən məhz alban xalqı üçün ucaldılması, Alban kilsəsinin aftokefal olması, yəni İsanın həvvariləri tərəfindən xeyir dua alması kimi qiymətli faktları XX əsrədək yaşatmaqda idi.

Gəncəsər monastırında XIX-XX əsrlər boyu davam edən saxtakarlıqlar, xüsusilə 1993-2020-ci illərdə Qarabağın erməni işğalı altında qaldığı dövrdə daha da açıq-aşkar hal almışdır. Hələ sovet dövründən erməni katalikosları alban məbədindəki epiqrafikanı saxtalaşdıraraq məhv etmək niyyəti ilə Gəncəsərəin bərpasına icazə almağa çalışırdı.

O zaman Azərbaycan alimləri buna etiraz edərək saxtalaşdırmanın qarşısını almaga çalışmışlar. Lakin XX əsrin sonlarından Qarabağ torpaqlarının işğal altında olduğu dövrdə əl-qolu açılan ermənilər abidənin alban mənşəyini təsdiq edən yazıların böyük əksəriyyətini silməyə nail olmuşlar. Qarabağın və Şərqi Zəngəzurun Erməni silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın müddət ərzində Gəncəsər monastırının orijinal daş kitabələrinin böyük əksəriyyəti saxta yazıları olan yeni daş lövhələrlə əvəz edilmişdir. Aydındır ki, bu dəyişikliklər Alban kilsəsinin avtokefallığına dəlalət edən kitabələrin məhvi, məbədin alban mənşəyinin “erməniləşdirilməsi” istiqamətində edilmişdir. Gəncəsər monastırının divarlarından Qafqaz Albaniyası tarixinin öyrənilməsi baxımından son dərəcə qiymətli kitabələr sökülmüş, yeni saxta kitabələrlə əvəz edilmişdir. Bunu Gəncəsər monastırının XX əsrin sonlarında çəkilmiş fotoları ilə müqayisədə çox aydın görmək mümkündür. Kitabələrinin keçmiş görünüşü ilə müasir forması arasında ciddi fərqlər açıq-aşkar görünməkdədir. Alban mətnlərinin həkk olunduğu kitabələrin daş piltələrinin əksəriyyəti yenilənmişdir. Hal-hazırda Gəncəsər yazılarının böyük bir qismi, yeni erməni mətnləri həkk edilmiş saxta plitələrlə əvəzlənmişdir. Mütəxəssislər bu plitələrin orta əsr alban memarlığında istifadə olunan daşlardan fərqli oduğu və kilsə ərazisinə kənardan gətirildiyi qənaətindədirlər.

2000-2011-cu illərdə monastır kompleksində falsifikasiya işləri daha aktiv aparılmışdır. Monastır kompleksinin memarlıq quruluşuna ciddi zərər yetirilmiş, abidənin daxili interyeri və fasadları üzərindəki yazılar və bədii nümunələr silinərək, müxtəlif  heyvan fiqurları və erməni dilində yazılarla əvəz edilmişdir. Monastırın həyətinə və monastır qəbristanlığına onlarla yeni qəbir və xaçdaşlar quraşdırılmışdır. Monastır ərazisindəki xaçdaşlar sındırılaraq erməni xaçları ilə əvəzlənmişdir. Bu, abidənin həm  xarici, həm də daxili görünüşünə ciddi zərər vermişdir. 2011-ci ildə kompleksin daxilindəki Xaçın knyazı Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşı sındırılmış, üzərindəki bədii ornamentlərin bir çoxu məhv edilmişdir. Bu illərdə monastırın dam örtüyü və interyerində aparılmış təmir işləri zamanı abidənin ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. Monastırın fasadının memarlığına da müdaxilə edilmişdir. İşğal illərində Qarabağ bölgəsinin əsas və ən böyük alban ibadətgahı – Gəncəsər monastırı dünyaya erməni monastır kompleksi kimi təqdim edilmişdir.