Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Təzəpir məscidində qanvermə aksiyası keçirilib


Bu gün Aşura günü ilə əlaqədar olaraq Təzəpir məscidində qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları ölkənin 14 məscidində təşkil edilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, akademik Vasim Məmmədəliyev, deputat Cavanşir Paşazadə  və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein də Aşura günü ilə əlaqədar qan veriblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura gününü insanların sovet dövründə də qeyd etdiklərini söyləyib. Bildirib ki, həmin vaxtlar insanlar məscidlərdə yığışa bilməsələr də, evlərdə qeyd edirdilər.
Şeyxülislam bildirib ki, Azərbaycanda tolerantlıq, din və dövlət münasibətləri ən yüksək səviyyədədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyədə və İranda olarkən, Aşurada qan verilməsini gördüyünü söyləyib. Diqqətə çatdırıb ki, o, hər il qanvermə aksiyasında iştirak edir.
Aleksandr İşein isə Aşura günü ilk dəfə qan verdiyini söyləyib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva diqqətə çatdırıb ki, Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası saat 7:30-da başlayıb və saat 10:00-a qədər 108 nəfər qanvermə aksiyasında iştirak edib: “Ölkənin 14 məscidində 1000-dən çox insan qan verib. Ötən il Aşura günü ilə əlaqədar olaraq qanvermə aksiyasında 4670 nəfər iştirak etmişdi. Düşünürəm ki, bu il də aşağı rəqəmlər olmayacaq”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunub ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir və qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Fətvada qeyd olunurdu ki, əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər. 
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt