
Xəbərlər / 18.02.2020 / 17:32
Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz Rayon Təhsil şöbəsinin və Oğuz Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonu Calut kənd tam orta məktəbində "Dini radikalizmə dur deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK - nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz Rayon Polis şöbəsinin rəis müavini Ramin Şükürov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Sənan Əsgərov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gənclərin dini sahəyə aid bilgiləri və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər. Bu baxımdan esas vəzifəsi insanlara dini doğru şəkildə çatdırmaq və radikalizmi təbliğ edən cərəyanların mahiyyətini, iç üzünü açmaq olan maarifləndirmə işi məktəbliləri radikalların təsirindən və təbliğatından qorumağın əsas metodudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.