"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr / 09.10.2018 / 16:05

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov 525-ci qəzetə müsahibə verib:

 

-Etibar müəllim, bu gün Azərbaycanda multikultural mühit və millətlərarası münasibətlər yüksək səviyyədədir. Sizcə, eyni fikri ölkədəki dini durum barədə də söyləmək mümkündürmü? Ümumiyyətlə, mövcud dini durumu necə qiymətləndirirsiniz?

 

- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Assimilyasiya siyasətindən fərqli olaraq multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.

Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır. Qeyd edim ki, müasir tələblərdən çıxış edərək dini maarifçilik işinə kəmiyyət və keyfiyyət baxımından xüsusi diqqət ayrılır, maarifləndirmə tədbirlərinin geniş miqyasda aparılması təmin olunur. Bir sözlə, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən daha da artırmaqdadır. Buna böyük tarixə malik məbədlərin təmir və bərpasının davam etdirilməsi, vətəndaşlara dini ayinlərin icrası üçün yüksək şəraitin yaradılması kontekstində əyani şahid olmaq olar. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri demokratik cəmiyyət normalarına uyğun tənzimlənir.

 

- Dini radikalizm bu gün ən aktual problemlərdən biridir. Bu problemlə mübarizənin konkret mexanizm və hədəflərini özündə ehtiva edən hansısa dövlət proqramına ehtiyac görürsünüzmü? Məsələn, bəzi ölkələr qanunlarla yanaşı, dövlət-din münasibətlərini tənzimləyən konsepsiya da qəbul edib. Belə bir konsepsiya Azərbaycanda da qəbul edilə bilərmi? 

 

- Hesab edirəm ki, din ideoloji sahədə ən həssas və incə mahiyyətə sahibdir. Təəssüf ki, ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn insanlar da tapılır. Belə insanlar azsaylı qruplar təşkil edərək digər vətəndaşların hüquqlarını pozmağa, inanc kimi saf və ülvi duyğulardan istifadə edərək öz məkrli məqsədlərini həyata keçirtməyə cəhdlər göstərirlər. Aparılan araşdırmalar göstərir ki, həmin qruplar birmənalı şəkildə xaricdən idarə olunurlar. Necə ki, cari ilin iyul ayının 3-də və 10-da Gəncə şəhərində baş vermiş məlum hadisələr bunu bir daha göstərdi. Gəncə hadisələrində iştirak edən radikal-ekstremist qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən, dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər. Ənənəvi milli-mənəvi dəyərlərimizə sadiq qalan dindarlar onların bu çirkin əməllərini qətiyyətlə qınadılar. Çünki Azərbaycanda dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulmuşdur. Ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Həqiqi və saf dini dəyərləri yaşayan dindarlar bunu yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər. Lakin radikal-ekstremist ruhlu kiçik qruplar öz çirkin əməlləri ilə bu siyasətə kölgə salmağa çalışır, heç bir əsas olmadan ölkədə süni gərginlik yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınmışdır və bundan sonra da alınacaqdır.

Hesab edirəm ki, Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən belə radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülmüşdür. Xüsusilə, 2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsi analoji problemlərlə mübarizədə çevik fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin, "Dini etiqad azadlığı haqqında" Qanuna müvafiq əlavələrin edilməsi dövlətin dini radikalizm və ekstremizmlə mübarizə sahəsində konkret taktikasını müəyyənləşdirməklə yanaşı, problemin çözümü istiqamətində təkmil mexanizm formalaşdırmışdır. Hazırda mövcud olan qanunvericilik bazası dini radikalizmlə mübarizə sahəsində yetərli qiymətləndirilir.

Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən konsepsiyanın qəbul edilməsinin mümkünlüyü ilə bağlı sualınıza gəlincə qeyd edə bilərəm ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli, 2198 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmaları müəyyən edilmişdir. Sözügedən konsepsiyanın "Separatçılıq, etnik, siyasi və dini ekstremizm" və "Milli və dini tolerantlıq mühitinin qorunması" bölmələrində Azərbaycan Respublikasının din siyasəti ilə bağlı müvafiq müddəalar da əksini tapmışdır. Onu da qeyd edim ki, əgər zaman keçdikcə dünyada və cəmiyyətdə baş verən sürətli inkişaf din sahəsində müstəqil yeni konsepsiyanın qəbul edilməsi zərurətini yaradarsa, təbii ki, bu məsələyə gələcəkdə baxıla bilər.

 

- Dini radikalizmə zəmin yaradan amillər var: savadsızlıq, yoxsulluq, yanlış dini biliklər və s. Görünən budur ki, Azərbaycanda radikalizmə əsas zəmin yaradan bu amillər deyil, xarici təsirlərdir. Əvvəlki illərlə müqayisədə xarici təsirlərin gücləndiyi müşahidə edilir. Necə fikirləşirsiniz, xarici təsirlərin zaman keçdikcə daha da güclənəcəyini proqnozlaşdırmağa ciddi əsas var?

 

- Bəli, dünyanın dini radikalizmdən əziyyət çəkən dövlətlərinə ötəri nəzər saldıqda aydın şəkildə görünür ki, həmin ölkələrdə bu problemi yaradan amillər sırasında ümumi savadsızlıq, yoxsulluq, işsizlik, eləcə də dini biliklərin elmi əsaslarla deyil, xurafat və mövhumat səviyyəsində təlqini kimi məsələlər dayanır. Azərbaycanda isə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı inkişaf təmin edilir. Ölkəmizdə yoxsulluğun göstəricisi 5 faizdən aşağıdır, ümumi savadlılıq səviyyəsi isə 100 faizə yaxındır. Azərbaycanda dini təhsil inkişaf dövrünü yaşasa da, səviyyə baxımından bir sıra ölkələrlə müqayisədə xeyli irəlidədir. Bu sahənin daha da inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Cari ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması buna əyani sübutdur.

Bundan başqa, ölkəmizdə stabil dövlət-din münasibətləri modelinin mövcudluğu, tolerantlıq, multikulturalizm, həmrəylik ideyalarının dini qurumlar tərəfindən nəinki qəbul edilməsi, həmçinin, gündəlik həyatda tətbiqi kimi amillər bir daha onu deməyə əsas verir ki, radikalizm bizim cəmiyyətə kənardan düşmüş "yad cism"dir. Bayaq da qeyd etdiyim kimi, ölkədə dini radikalizmə rəvac verən amillər xarici təsirlərlə bağlıdır. Xarici zərərli təsirlərin əsas səbəbi isə Azərbaycanın bütün sahələrdə inkişafını, müstəqil siyasət yürütdüyünü gözü götürməyən müəyyən xarici dairələrin bütün vasitələrdən, həm maddi, həm ideoloji, o cümlədən, dindən ölkəmizə qarşı öz məkrli məqsədləri üçün istifadə etmələridir. Bu təsirlər həmişə müşahidə olunub, bu gün də var, gələcəkdə də olacağı istisna edilmir. Ümumiyyətlə, xarici havadarların diktəsi ilə hərəkət edən radikal qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Çünki onların ölkədə ciddi sosial dayaqları yoxdur və başlıcası isə Azərbaycanda xalq-iqtidar birliyi möhkəm dayaqlara malikdir. Bu gün həmin qüvvələrin təsir imkanları dövlətin müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində çox zəifləmişdir, fəaliyyətləri ciddi nəzarət altındadır. Amma bu istiqamətdə profilaktik tədbirlər daim davam etdirilməli, təkcə dövlətin aidiyyəti qurumlarının deyil, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, hər bir fərdin bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməsi vacibdir.

 

- Azərbaycanda insanlar dini bilikləri ya valideynlərdən, ya din xadimlərindən, ya internetdən, ya da təsadüfi adamlardan alırlar. Valideynlərin və din xadimlərinin hamısı eyni dini biliklərə malik deyil. Onların arasında xurafatçı, hətta fanat dindar şəxslər də ola bilər. İnterneti və təsadüfi adamları isə bir kənara qoyuram. Deməli, cəmiyyətdə dini biliklər əldə etmək üçün sağlam və etibarlı mənbə yoxdur. Belə bir vəziyyətdə ən etibarlı və sağlam mənbə funksiyasını məktəb daşıya bilməzmi?

 

- Doğrudur, insanların xüsusilə, gənc nəslin dini bilikləri mənbəyi və mənşəyi məlum olmayan internet resursları üzərindən öyrənməsi, yaxud bu məsələ ilə bağlı təsadüfi adamlara müraciət etmələri tamamilə yanlış və çox təhlükəli tendensiya hesab olunur. Müasir dövrdə gənclərin sosial şəbəkə aludəçisinə çevrildiyini nəzərə alsaq, onları maraqlandıran dinlə bağlı sualları cavablandıracaq ünvanları virtual məkanda axtarmaları heç də təsadüfi deyil. Lakin həmin internet resurslar vasitəsi zərərli təbliğatın qurbanına çevrilmək çox asandır. Çünki radikal qrupların əsas təbliğat məkanlarından biri, bəlkə də birincisi internetdir.

Bəli, din xadimləri arasında xurafata meylli, yaxud fanatik dünyagörüşünə sahib olanlara rast gəlinir, lakin sahəsinə peşəkar yanaşan, ənənəvi dini dəyərləri gözəl şəkildə öyrətmək bacarığına sahib rəsmi din xadimlərimiz az deyil. Bununla yanaşı, rəsmi fəaliyyət göstərən dini icmalarımız da mövcuddur ki, dinlə maraqlanan, yaxud övladının dini biliklərə yiyələnməsini istəyən valideynlər həmin icmalara müraciət edirlər.

Məlum olduğu kimi, İslam dini mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi ilə bizim milli kimliyimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayıb. Bu din sülh, dostluq, bərabərlik, həmrəylik və bir çox mütərəqqi dəyərləri təbliğ edir. Ümummilli lider Heydər Əliyev dinimizlə bağlı çıxışlarının birində qeyd etmişdi ki, "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir". Ölkə başçısı İlham Əliyev çıxışlarının birində belə demişdir: "İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq".

Lakin əfsuslar olsun ki, bu gün dünyada İslam bayrağı altında bəzi qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dinimizi radikal formada təqdim edir, ətraflarına topladıqları kriminal və cinayətkar ünsürlərin potensialından istifadə edərək ekstremizmə rəvac verirlər. Onların bu mənfi fəaliyyətləri İslamı gözdən salır, onun terror dini kimi qələmə verilməsinə, islamofob fikirlərin yaranmasına səbəb olur ki, bu, bizi çox narahat edir.

Yeri gəlmişkən qeyd edim ki, müasir dövrdə islamofobiya dözümsüzlüyün və ayrı-seçkiliyin ən geniş yayılmış formalarından biridir. İslamofobiyadan təkcə Qərb ölkələrinə yenicə pənah gətirmiş miqrantlar deyil, orada yaşayan yerli müsəlmanlar da əziyyət çəkir. Məlumdur ki, islamofobiya İslam dininə, müsəlmanlara və ümumiyyətlə, bu dinlə bağlı olan hər bir sosial hadisəyə münasibətdə qorxuya və qorxudan irəli gələn, onun məntiqi nəticəsi olan nifrətə, o cümlədən, ayrı-seçkiliyə, təqibə əsaslanır. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında islamofobiya ilə mübarizəyə xüsusi önəm verilir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2018-ci ildə dərc olunan "Müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayət" adlı hesabatında haqlı olaraq etiraf olunur ki, ATƏT ölkələrində müsəlman icmaları onları terrorçuluqla və ekstremizmlə tez-tez əlaqələndirən, yaxud onların Qərb ölkələrində məskunlaşmalarını bu ölkələrin xalqlarının milli identikliyinə təhdid kimi qələmə verən ritorikanın qurbanlarıdır. Sözügedən hesabatda həmçinin qeyd olunur ki, Qərb ölkələrində müsəlmanlar dini və mədəniyyəti insan haqları və demokratiya kimi anlayışlara zidd olan monolit qrup kimi təqdim olunur. Əgər bu dözümsüzlüyün qarşısı alınmasa, bu ölkələrdə müsəlmanlara qarşı nifrət zəminində cinayəti təşviq edən mühit yaranacaqdır. Bu isə öz növbəsində müsəlmanların cəmiyyətdən təcrid olunmasına səbəb olacaqdır. Hesabatda bu cür təhlükəli hadisələrin qarşısının alınması üçün cəmiyyətin bütün üzvlərinin müsəlmanlara qarşı ayrı-seçkiliyə, dözümsüzlüyə və nifrət zəminində törədilən cinayətə qarşı birgə mübarizə etmələrinin vacibliyi qeyd olunur.

Hesab edirəm ki, gənclərimiz İslam dinini hər hansı xarici mühitin təsiri ilə deyil, öz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi, Azərbaycançılıq ideyasına bağlı şəkildə öyrənməlidirlər. Bir məsələni xüsusilə qeyd edim ki, Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil sistemi dindən ayrıdır. Ona görə də orta məktəblərdə şəriət fənni tədris oluna bilməz. Qanunvericiliyimizə əsasən, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq kimi fənlər dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər və bu məsələ öz həllini tapmışdır. Çünki orta təhsil müəssisələrində "Həyat bilgisi" adlı fənn tədris olunur və onun vasitəsi ilə şagirdlərə dinin əsasları haqqında məlumatlar verilir, ibtidai dini bilgilər öyrədilir. Bu fənn vasitəsilə dini bilgilər dünyəvi tədris metodikasına uyğun olaraq pedaqoji ixtisaslı müəllimlər tərəfindən keçirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən "Həyat bilgisi" adlı fənnin dərsliklərində dinlə bağlı məlumatların genişləndirilməsi istiqamətində tədbirlər görülür.

 

- Radikal qruplara qoşulanlar cəmiyyətin daha çox hansı təbəqəsi və hissəsidir? Bu barədə araşdırma aparılıbmı? Yaxud radikal qrupların ölkədəki multikultural mühitə yaratdığı təhdidlər araşdırılırmı? Sizcə, bu qruplar multikultural mühitə ciddi təsir göstərə bilər?

 

- Ümumi öyrənmələr göstərir ki, radikal qruplara əsasən cəmiyyətin yoxsul, savadsız, dünyagörüşü kasad olan təbəqəsinə mənsub insanlar qoşulur. Təəssüf hissi ilə qeyd etməliyik ki, radikal qruplara qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu, ilk növbədə onunla izah olunur ki, radikal dini cərəyanlar öz təbliğatlarını hədəf qrupu olaraq əsasən gənclərə yönəldir, enerji və vaxtlarını sərf etmək üçün imkan, vasitə axtaran belə gəncləri məharətlə arayıb tapırlar. Adətən intellektual səviyyəsi yetərincə yüksək olmayan gəncləri onlar asanlıqla manipulyasiya obyektinə çevirirlər.

Həmçinin, cəmiyyətdə özünü sübut edə bilməmiş insanların da dini radikalizmə meyillənməsi diqqət çəkməkdədir. Ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu sahədə müştərək araşdırma aparmışdır. Öyrənmələr göstərmişdir ki, dini radikalizmin təsirinə daha çox məruz qalanlar işsiz olan və ali məktəblərə qəbul olmayan gənclərdir. Bunun qarşısını almaq üçün Bilik Fondu və BBMM bir neçə layihə də hazırlayıb icra etmişlər. Belə layihələrdən, məsələn, "Məscidlərdə kitabxanaların yaradılması"nı qeyd etmək istərdim. Bu layihənin əsas məqsədi ondan ibadətdir ki, məscidlərdə təkcə dini ədəbiyyat deyil, elmi-populyar və bədii ədəbiyyatdan ibarət kitabxanalar formalaşdırılaraq dindarların istifadəsinə verilsin. Layihə uğurla həyata keçirilmiş, yüzlərlə məsciddə belə kitabxanalar yaradılmış, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu layihədə yaxından iştirak etmişdir.

Bilik Fondu ilə BBMM-nın birlikdə həyata keçirdiyi digər layihə "Epizod" adlanır. Layihənin məqsədi ali məktəblərə qəbul olmayan və işsiz qalan gənclərin sosial problemlərinin, o cümlədən, onların radikal dini qruplara qoşulmasının qarşısını almaq üçün maraqlarına uyğun peşə ixtisaslarına yiyələnməsinə şəraitin yaradılmasıdır. Layihə çərçivəsində gənclərin maraqlarına uyğun olaraq avtomexanik, çilingər, xarici dil, yaxud kompüter bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müvafiq dəstək göstərilmişdir.

Sualınızın radikal qrupların ölkədəki multikultural mühitə yaratdığı təhdidlərlə bağlı hissəsinə gəlincə, qeyd edə bilərəm ki, hazırda hər hansı ciddi təhdid nəzərə çarpmır. Lakin bəzən radikal qrupların açıq deyil, gizli təbliğatlarında milli kimliyimizi, milli mədəniyyətimizi, adət-ənənələrimizi inkar etmələri narahatçılıq doğurur. Milli identikliyimizi şərtləndirən elementlərə qarşı çıxmaq və buna dini baxımdan bəraət qazandırmaq yolverilməzdir. Bizim milli və dini dəyərlərimizin hər ikisi müqəddəsdir. Gələcək nəsilləri məhz bu dəyərlərin, eyni zamanda, multikulturalizm ruhunda tərbiyə etmək bizim borcumuzdur. Ona görə də belə neqativ düşüncə tərzi ilə mübarizəmizi geniş maarifləndirmə tədbirləri ilə həyata keçirməliyik. Bununla bağlı Prezident İlham Əliyev çıxışlarının birində belə demişdir: "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır".

 

- Dini radikalizmin yayılma arealından danışdıqda daha çox Şimal, Şimal-Qərb və Cənub bölgələrinin adı çəkilir. Bu bölgələr ölkəmizin sərhəd zonaları hesab olunur. Sərhəd bölgələrindəki dini radikalizm meyillərini əsas xarici amillərlə əlaqələndirirlər. Sizcə, bu doğrudurmu?

 

- Yuxarıda qeyd etdiyim kimi, ümumən ölkəmizdə dini radikalizmə meyllilik xarici təsirlərdən qaynaqlanır. Qeyd etdiyiniz sərhəd zonası bölgələrində digər bölgələrdən fərqli olaraq tarixən ənənəvi İslam dəyərləri güclü olmuşdur, hətta sovetlər dönəmində belə, bu bölgələrdə dini dəyərlərə xüsusi həssaslıqla yanaşılmışdır. Lakin təəssüf ki, buna baxmayaraq, müasir dönəmdə həmin bölgələrdə də qeyri-ənənəvi dini təsirlərə məruz qalanlara tez-tez rast gəlinir. Bunun da müəyyən səbəbləri vardır. Xüsusilə, ötən əsrin 90-cı illərində xeyriyyəçilik adı altında ölkəmizə gələn müəyyən xarici təşkilatlar bu bölgələrdə bizim milli xüsusiyyətlərimizlə uyğun olmayan qeyri-ənənəvi dini baxışları yaymağa başladılar və qısa dövr ərzində müəyyən kontingent formalaşdırmağı bacardılar. Təbliğat üçün sərhəd bölgələrin seçilməsi də təsadüfi deyildi. Həmin dövrdə təbliğatı həyata keçirən missionerlərin ardıcılları az idi və onlar öz fəaliyyətlərini ucqar rayonlarda aparmağa və paytaxtda görünməməyə çalışırdılar. Sonrakı dönəmdə bu təşkilatların əsl məqsədi və məramı üzə çıxandan sonra, onların ölkə ərazisində fəaliyyəti dayandırıldı. Müşahidələr deməyə əsas verir ki, həmin bölgələrdə dini radikalizmə meyllilik göstərənlər məhz qeyri-ənənəvi dini-ideoloji təbliğatın qurbanına çevrilmiş insanlardır.

Bu gün həmin bölgələrdə ənənəvi dini dəyərlərin daşıyıcısı olan dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Onlara əhali arasında qeyri-ənənəvi dini təbliğata alternativ olaraq ənənəvi milli-mənəvi dəyərlərimizə uyğun maarifləndirməni həyata keçirmələri üçün həm maddi, həm də mənəvi dəstək verilir. Radikal ünsürlərin fəaliyyəti isə aidiyyəti qurumların ciddi nəzarəti altındadır. 

 

- Gəncləri zərərli vərdişlərdən qorumaq baxımından dinlərin böyük potensialı var. Amma görünən odur ki, son dövrlər valideynlər övladlarını zərərli vərdişlərdən qoruduqları kimi dindən, daha doğrusu, zərərli dindən qorumağa çalışırlar. Bu cür vəziyyətdə biz zərərli dinlə faydalı dini ayırd etməyin yolunu insanlarımıza göstərə bilərik?

 

- Din mahiyyət etibarı ilə insanın ruhi tələbatının ödənilməsində əvəzolunmaz bir vasitədir. Ona təkcə zərərli vərdişlərlə mübarizə predmeti kimi yanaşmaq da düzgün deyil. Həqiqi, mütərəqqi dini dəyərlər insanın əxlaq və mənəviyyat baxımından kamilləşməsinə xidmət göstərdiyi kimi, onda vətənə, millətə sevgini, mənsub olduğu cəmiyyətə bağlılığı, inancından, milliyətindən, sosial statusundan asılı olmayaraq bütün insanlarla xoşrəftar və mehriban davranmağı aşılayan keyfiyyətlərlə zəngin olmalıdır. Əslində, bu keyfiyyətlər inanc dəyərləri kimi universal mahiyyət daşıyır və qızıl qaydanı müəyyənləşdirir. Amma təəssüf ki, hansı dinin daşıyıcısı olmasından asılı olmayaraq, bəzən insanlar öz inanclarından çıxış edərək iftar təəssübkeşliyə, fanatizmə, mövhumata, dözümsüzlüyə yol verir, cəmiyyətin fərdləri arasında ədavət yaratmaq, bölücülük təlqin etmək kimi mənfi xüsusiyyətləri yaymağa çalışırlar. Ülvi duyğulara xidmət edən həqiqi, mütərəqqi dini dəyərlər heç bir halda bununla razılaşa bilməz, çünki bütün dinlərin missiyası insanlığı Uca yaradanın himayəsi altında xoşbəxtliyə, səadətə nail etməkdir. Hesab edirəm ki, dinə yanaşmada zərərlilik və faydalılıq meyarlarını məhz bu prizmadan dəyərləndirmək lazımdır.

 

- Sizcə, dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətlərinin və KİV-lərin rolu nə dərəcədə əhəmiyyətlidir?

 

- Düşünürəm ki, müasir dövrdə Azərbaycanda dini radikalizmlə mübarizə sahəsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin göstərdiyi xidmətlər kifayət qədər əhəmiyyətlidir. Sevindirici haldır ki, qeyri-hökumət təşkilatlarının dini radikalizmlə mübarizəyə həsr etdikləri layihələrin sayı günü-gündən artmaqdadır. Xüsusilə, bölgələrdə əhalinin müxtəlif təbəqələri ilə aparılan maarifləndirmə tədbirlərinə diqqət və marağın artdığını müşahidə edirik. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi bu istiqamətdə qeyri-hökumət təşkilatlarına lazımi dəstəyi göstərməkdədir. Eyni zamanda, kütləvi informasiya vasitələrində bu sahəyə həsr olunan verilişlərin, məqalələrin yayılması böyük əhəmiyyət kəsb edir. Misal üçün, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) müəllif proqramları olan, İctimai televiziyada yayımlanan "Din və Cəmiyyət", "Space" telekanalında efirə gedən "İnam" verilişini qeyd etmək istərdim. Həmçinin, yaxın müddətdə Azərbaycan Televiziyasında BBMM-nın "Multikulturalizm" adlı müəllif proqramı öz işinə başlayacaq. Bundan başqa, DQİDK-nın "Dövlət və Din", BBMM-nın "Multikulturalizm" adlı jurnalları da nəşr olunur. Qeyd olunan mətbu orqanlarda və digərlərində dini radikalizmlə mübarizəyə həsr olunmuş məqalələrin dərc edilməsi və geniş oxucu auditoriyasına çatdırılması çox böyük əhəmiyyətə malikdir.

 

- Necə fikirləşirsiniz, Azərbaycan dini radikalizmlə mübarizədə daha çox hansı ölkələrlə əməkdaşlıq etməlidir? Tarixi-dini ənənələri olan müsəlman ölkələri, yoxsa MDB-yə daxil olan dövlətlərlə?

 

- Hesab edirəm ki, Azərbaycan bu sahədə fərq qoymadan dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlıq qurmaq potensialına malikdir və bu əlaqələr qurulmuşdur. Demək istəyirəm ki, dini radikalizm müxtəlif beynəlxalq platformalarda geniş müzakirə olunan mövzulardandır. Məsələn, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş "Bakı prosesi"ni qeyd etmək olar. Bu il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" - müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilmişdir və həmin tədbirlərdə dini radikalizmə həsr olunan mövzulara yer verilmişdir. Qeyd edim ki, "Bakı Prosesi" çərçivəsində Bakıda 4 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 5 Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Sammiti, eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Yeri gəlmişkən bildirim ki, bu il oktyabr ayının 25-26-da Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək və hazırda bu istiqamətdə hazırlıq işləri gedir.

 

 

Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu

Lerikdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
18.10.2018 / 17:21
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Xəbərlər
15.10.2018 / 18:07
Ətraflı oxu