.jpg&w=1200)
Press-relizlər / 01.06.2017 / 16:29
İyunun 1-də Balakən Rayon İcra Hakimiyyətinin, rayonun Təhsil şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun S.Vurğun adına 1 saylı Qullar kənd tam orta məktəbində “Gənclərin radikal dini fikirlərdən və zərərli vərdişlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai -siyasi və humanitar məsələlərlə iş üzrə şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları – Sənan Hacıyev və Elvin Qarayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən rayonu S.Vurğun adına 1 saylı Qullar kənd tam orta məktəbin direktoru Nofəl Nəcəfov mövzu ilə əlaqədar məlumat verib.
Daha sonra çıxış edən Balakən RİH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlərlə iş üzrə şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, Azərbaycan dünyada milli-mənəvi və Avropa dəyərlərini özündə birləşdirən çox nadir ölkələrdən biridir. Eyni zamanda ölkəmiz dünyada mövcüd olan bir sıra zərərli dini təriqətlərin təsirindən də sığortalanmayıb. Zərərli dini təriqətlər ən çox gənclər arasında özünə tərəfdar tapır. Buna da əsas səbəb gənclərin sağlam dini təsəvvürlərə daha az malik olmasıdır. Buna qarşı mübarizədə əsas vasitə təhsil və dini savadın artırılmasıdır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev tədbirdə çıxış edərək deyib ki, radikal dini cərəyanların və müxtəlif zərərli vərdişlərin gənclər arasında yayılmasının əsas səbəbləri; gənclərin iradəsinin nisbətən zəif olması, sağlam dünyagörüşünün formalaşmaması və onların sözügedən amillərin dağıdıcı nəticələrindən xəbərsiz olmasıdır.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.