Riyakar demokratiya siyasəti

Press-relizlər / 05.11.2015 / 14:23

Qədim hind aforizmlərindən birində deyilir ki, ağıllı adam həqiqəti axtarır, müdrik adam isə həqiqəti göstərir. Eyni mahiyyətdə, amma bir qədər fərqli məzmunda yunanların da bir kəlamı var: ağıllı adam nəticəni, müdrik adam həm nəticəni, həm də onun səbəbini görə bilir.
Akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı əsərində (“Azərbaycan” qəzeti, 29 oktyabr, 2015-ci il) Qərbin Azərbaycana münasibətində mövcud vəziyyətlə yanaşı, bu vəziyyəti yaradan mənbələr və səbəblər də aydın şəkildə göstərilib. Bu araşdırma təkcə Azərbaycanla bağlı həqiqətlərə deyil, eyni zamanda beynəlxalq aləmdə, xüsusilə Avropada, Yaxın Şərqdə cərəyan edən hadisələrə, onları doğuran səbəblərə işıq tutur və bu proseslərin düzgün dərkinə xidmət edir. Bu mənada qeyd olunan siyasi təhlil region, xüsusilə müsəlman və ikili standartlardan əziyyət çəkən ölkələr üçün də faydalı ola bilər.
Avropa strukturları, ümumiyyətlə, Qərb tərəfindən Azərbaycana qarşı təzyiq kimi hansı vasitə və metodlardan istifadə olunması, hansı məsələlərdə ikili standartlardan çıxış edilməsi, xüsusilə Dağlıq Qarabağ probleminə riyakar yanaşılması yeni məsələ deyil. Lakin nəinki adi insanlar, hətta siyasi analitiklər də indiyədək baş vermiş hadisələrin və ümumi prosesin timsalında köhnə Avropanın iç üzünün, saxta mahiyyətinin bu şəkildə və detallarına qədər, üstəlik tutarlı, təkzibolunmaz faktlarla açılmasının ilk dəfədir şahidi olurlar. Bu nöqteyi-nəzərdən qeyd olunan araşdırmanın nəticələrinə istinadən politoloqların və siyasi analitiklərin yeni araşdırmalar ortaya qoyacaqları şübhəsizdir. Hətta əminliklə demək olar ki, akademik Ramiz Mehdiyevin araşdırmaları bu sahədə yeni meyar və standartların müəyyən olunmasını şərtləndirib.
Sözügedən araşdırmadan çıxarılan çoxsaylı nəticələrdən biri, bəlkə də birincisi budur ki, Avropanın, bütövlükdə Qərbin bizə qarşı təzyiqlərinin əsas səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsidir. Bu rəy Prezident İlham Əliyevin fikirlərində əyani təsdiqini tapır: “Azərbaycanda düşünülmüş müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük dövlətlər öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır”.
Araşdırmanın digər önəmli nəticəsi isə Azərbaycanın artan təzyiqlər və ikili standartlar müqabilində gələcəyə yönəlik seçimi və hədəfləri ilə bağlıdır. Qısaca məsələni belə bir sualla da ifadə etmək olar: Azərbaycan nə etməlidir? Bu sualın cavabı da Prezident İlham Əliyevdən verilmiş sitatda açıq şəkildə göstərilir: “Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoyacağıq, bütün təzyiqlər, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik”.
Qərbin demokratiyanın əsas dəyəri və meyarı kimi müəyyən olunmuş insan hüquqlarına ikili standartlarla yanaşması, bir çox hallarda təzyiq aləti kimi istifadə etməsi təcavüzə məruz qalmış və ərazisinin iyirmi faizi işğal olunmuş Azərbaycana çoxdan məlumdur. O da məlumdur ki, Qərb, o cümlədən Avropa strukturları təcavüzkar Ermənistanı qınamaq və ədalətin bərpasına kömək etmək əvəzinə, gizli və aşkar formada işğalçını himayə etməkdən çəkinmir, bir çox hallarda onun şıltaqlıqlarına dözür və nazı ilə oynayır. Araşdırmadan çıxarılan çoxsaylı məntiqi nəticələrdən biri də budur ki, Avropa strukturlarının Azərbaycana münasibətdə insan hüquqlarından təzyiq aləti kimi istifadə edilməsi prinsipindən tezliklə əl çəkmək niyyəti yoxdur. Hətta ola bilər ki, Qərbin Azərbaycana münasibətdə ikili standartlar siyasətinə yeni “çalarlar” əlavə olunsun. Əslində, ölkəmizdə vicdan azadlığının təmin olunmasına münasibətdə yeni “çalarlar” xeyli vaxtdır hiss edilir və görünür. Bunu konkret nümunələrlə də göstərmək mümkündür.
Məsələn, qürurla deyə bilərik ki, bu gün sivilizasiyalar və dinlərarası dialoqun baş tutması üçün əsas şərtlərdən birinə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.
Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, zamanla dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyinə çevrilib. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb, üstəlik, bura təkcə fərqli dinlərin - Yəhudiliyin, Xristianlığın mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən İslamla bağlı məzhəblərin nümayəndələri pənah gətiriblər. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar.
Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda, vicdan azadlığının təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, multikultural dəyərlərin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına görə regionun lider dövlətidir.
Azərbaycanda tolerantlığın və multikulturalizmin yüksək səviyyədə olması həm də xarici siyasətçilərin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta Azərbaycanın dövlət-din münasibətləri modelinin ixrac edilməsinin zəruriliyini söyləyən xarici diplomatlar, yüksək səviyyəli din xadimləri, mütəxəssislər də var. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştudman etiraf etmişdir ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri xanım Ənn Dersi isə bu həqiqəti fərqli və daha lakonik formada ifadə etmişdi. O, demişdi ki, “Azərbaycan Qərbə təkcə neft-qaz deyil, həm də tolerantlıq ixrac edə bilər”. Keçmiş səfirin bu fikrini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rolu olan Azərbaycanın köhnə qitənin mədəni, multikultural mühitinin zənginləşdirilməsində real potensialının obyektiv qiymətləndirilməsi kimi də başa düşmək olar. Lakin iş ondadır ki, Azərbaycanda vicdan azadlığının yüksək səviyyədə təmin olunması, dinlərarası dialoqun və tolerantlığın bərqərar edilməsi barədə verilmiş bəyanatların, qəbul edilmiş qətnamələrin mürəkkəbi qurumamış Qərb dairələrində, Avropa strukturlarında təzadlı və qərəzli fikirlər səslənməyə başlayıb. Belə ki, son iki ildə Azərbaycanda vicdan azadlığının vəziyyətinə dair hazırlanmış hesabatlarda qərəzlə dolu kifayət qədər məqamlar var.
Vicdan azadlığı ilə bağlı əvvəlki illərin hesabatlarında bir qayda olaraq tənqidi məqamlara yer verilir, əsassız da olsa, bir-iki fakta toxunulur və ümumi mənzərə natamam normal təsir bağışlayırdı. Lakin son dövrlərin hesabatları əvvəlkindən kifayət qədər fərqlənir, qərəzli məqamlar üstünlük təşkil edir, tənqid üslubu sərtləşdirilir, ümumi vəziyyət yalnız qara rəngdə təqdim olunur, ən əsası, Azərbaycan vicdan azadlığının səviyyəsinə görə “alt və aşağı” qrupa daxil olan ölkələrlə bir tutulur. Məsələn, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri Bürosunun, eləcə də bu ölkənin Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbaycanda vicdan azadlığına dair hesabatlarının son illərdəki təhlilləri qeyd olunanların əyani təsdiqidir.
Ümumiyyətlə, son vaxtlar Azərbaycanla bağlı Qərbdəki bəzi dairələr tərəfindən hazırlanmış sənədlərdə o qədər qərəzə və ifrata yol verilir ki, bu, nəinki onların obyektivliyinə, hətta ciddiliyinə də böyük şübhə yaradır. Bəlkə də, bu, başa düşüləndir. Çünki həmin dairələrin Azərbaycana qarşı qərəzi bir sıra hallarda o həddə çatır ki, sağlam məntiqi mühakimə belə yürüdə bilmirlər. Üstəlik, nəyin bahasına olursa-olsun Azərbaycanı qaralamaq arzusu bəzən onları hazırladıqları hesabatlara görə gülünc vəziyyətə salır. Məsələn, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatında guya Azərbaycanda müsəlman çoxluğun (?!) hüquqlarının “pozulmasına” dair iddialar yer alıb. Eyni zamanda, Leyla və Arif Yunusların həbsi “vicdan azadlığı” (?!) ilə əlaqələndirilib. Yəqin, çoxları razılaşar ki, bu cür yersiz və əsassız iddialar təkcə təəssüf hissi yox, həm də gülüş doğurur. Ümumiyyətlə, Qərbin bəzi dairələrinin Azərbaycana münasibətinə yalnız bir ad vermək olar: qərəz və riyakarlıq.
Həmin dairələrin Azərbaycana münasibətdə riyakarlığının başqa bir nümunəsi dini radikalizm və ekstremizmə münasibətlə bağlıdır. Belə ki, ABŞ və Avropa strukturları terrorizm, dini radikalizm və ekstremizmlə mübarizə apardığını bəyan edir, bu istiqamətdə Azərbaycan hökumətinin səylərini dəstəklədiyini bildirir. Amma iş ondadır ki, ölkəmizdə bəzi radikal qruplar, onların fəalları, toplaşdıqları məscidlər barədə tədbirlər görüldükdə bir sıra Qərb dairələri buna vicdan azadlığı donu geyindirməyə çalışırlar. Halbuki, həmin dini qruplardan və onların toplaşdığı ibadət evlərindən qanunsuz silahlı birləşmələrdə döyüşmək üçün Suriyaya gedənlərin olduğunu hər kəs bilir. Bütün bunlardan sonra akademik Ramiz Mehdiyevin bu fikrinə haqq qazandırmamaq qeyri-mümkündür: “Əslində, İŞİD-i Qərb dövlətlərinin özü yaradıb, mötədil Suriya müxalifətini ağılsızcasına silahlandırıb”.
Əlbəttə, Qərbdəki bəzi dairələrin dini radikal qrupları vicdan azadlığı pərdəsi altında himayə və müdafiə etmək istəyinin arxasında başqa mətləblərin olması da istisna deyil. Məsələn, dini qrupları, o cümlədən radikalları gələcəkdə Azərbaycanda “beşinci kolon”a dayaq və köməkçi qüvvə kimi formalaşdırmaq niyyəti.
Qəribə və təzadlı olan həm də budur ki, Qərbin Azərbaycanda və bir sıra məlum ölkələrdə “İslamçı qüvvələr”in vəkili kimi çıxış etməsi Amerika və Avropada artmaqda olan islamafobiya və multikulturalizm böhranı ilə paralel baş verir. Bu halda haqlı bir sual yaranır: müsəlman ölkələrində “İslamçı qüvvələr”in müdafiəsi rolunu oynayan Qərb strukturları niyə Avropada və Amerikada islamafobiyanın artmasına seyriçi gözü ilə baxırlar? Cavab sadədir: Qərbdəki bir sıra dairələrin İslam sevgisi saxtadır və onlar müsəlmanlara münasibətdə riyakar davranırlar. Belə olmasaydı, Avropada islamafobiya güclənməz, multikulturalizm böhranı yaşanmazdı. Bu baxımdan akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, “Hazırda Avropa İttifaqı məkanında islamafobiyanın və ksenofobiyanın artması, radikal millətçi əhval-ruhiyyənin güclənməsi davam edir. Avropa modeli özünün əvvəlki cəlbediciliyini itirməyə başlayır. Avropa İttifaqında sonuncu parlament seçkilərinin nəticələri buna sübutdur”. Eyni zamanda, bütün bunlardan sonra akademikin bu fikri tamamilə yerinə düşür: “Avropa Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı”.
Zaman keçir, qloballaşma sürətlənir, lakin dünyada və beynəlxalq münasibətlərdəki ikili standartlar dəyişmir. Əskinə, dünyada ədalətsizlik, müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiqlər daha da artır. Bu mənada gələcəkdə müxtəlif vasitələrlə Azərbaycana təzyiqlərin güclənəcəyi istisna deyil. Ancaq dəyişməyən bir həqiqət var: Azərbaycan xalqının birliyi və Prezidenti ilə həmrəyliyi. Bu birlik 1 noyabrda Milli Məclisə keçirilmiş seçkilərdə bir daha öz təsdiqini tapdı, Azərbaycan xalqı Prezident İlham Əliyev siyasətinə - sabitliyə və inkişafa səs verdi. Əslində, Azərbaycan xalqı noyabrın 1-də təkcə seçimini etmədi, eyni zamanda xarici dairələrin ölkəmizdə “beşinci kolon”la bağlı arzu və ümidlərinin üstündən xətt çəkdi.
 
 
Gündüz İSMAYILOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
 
 
“Azərbaycan” qəzeti
 05 noyabr 2015-ci il 

Son baxılan xəbərlər

Din xadimləri “Azərbycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunu müzakirə ediblər ...

Press-relizlər
30.08.2021 / 16:31
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.11.2019 / 16:57
Ətraflı oxu

DQİDK sədri ABŞ-ın məhşur radio verilişinə müsahibə verib

Press-relizlər
09.12.2020 / 16:21
Ətraflı oxu

Xalqa xidmət böyük şərəfdir!

Xəbərlər
22.06.2020 / 13:04
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib

Xəbərlər
05.08.2021 / 17:22
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.07.2018 / 17:43
Ətraflı oxu