Heydər Əliyev - 90

Qubada “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar-treninq keçirilib (Foto)

Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, Ümummilli Liderin irsinin öyrənilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölgələrdə maarifləndirici seminar-treninqlərlə bağlı işini davam etdirir. Bu qəbildən növbəti tədbir aprelin 23-də Quba rayonunda keçirilmişdir.

Din xadimləri, dini icma sədrləri, dindarlar, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar-treninqi giriş sözü ilə açan Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tədbirin mahiyyəti və məqsədi barədə ətraflı məlumat vermişdir. Daha sonra Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran geniş məruzə ilə çıxış edərək, Ulu Öndərin hakimiyyətə qayıdışından əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətdən və onun gəlişindən sonra üzərinə götürdüyü xilaskar missiyasının öhdəsindən böyük məharətlə gəlməsindən söz açmışdır. O bildirmişdir ki, Heydər Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrin qorunması, onların təmiri və yenilərinin inşası ilə bağlı sərəncamlar imzalamış, ali dini təhsilli kadrların hazırlanması işinə də ciddi əhəmiyyət vermişdir.

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini İşlər Komissiyasının sədri Yusif Abidov, QMİ-nin bölgə üzrə səlahiyyətli nümayəndəsi Naib Səttarov, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Boris Simanduyev və Azərbaycan Müəllimlər İnstitunun Quba filialının direktor müavini Aysel Şeydayeva Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolundan danışmış, onun gəlişi ilə ölkənin digər sahələri kimi, din sahəsinin də inkişaf etdiyini xüsusi vurğulamışlar.